Transcript Document
Qədim Qəbələ - Miladdan əvvəl IV əsrdən başlayaraq ölkənin iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynayan, eramızın I əsrindən etibarən yazılı mənbələrdə adı çəkilən Qəbələ Albaniyanın ilk paytaxt şəhəri olub. Təqribən 2500 il yaşı olan və 9 əsr Qafqaz Albaniyasının paytaxtı olmuş Qədim Qəbələ şəhəri dünyanın Babil, Troya, Pompey kimi qədim və məşhur şəhərlərilə müqayisə ediləcək dərəcədə mühüm, siyasi-iqtisadi və ticarət mərkəzlərindən biri olmuşdur. Antik dövrə aid böyük binaların qalıqları, qala divarları və maddi mədəniyyət abidələri Qəbələnin çox möhtəşəm bir şəhər olduğunu sübut edir. Qədim Qəbələ eramızdan əvvəl IV əsrin sonu III əsrin əvvəllərində şəhər kimi meydana gələrək eramızın XVIII əsrinin ortalarına qədər yaşamışdır. XVIII əsrin ortalarında Qəbələ öz əvvəlki əzəmət və əhəmiyyətini itirmiş, əhali tədricən buradan köçmüşdür. Hazırda Qədim şəhərin xarabalıqları rayon mərkəzindən 15 - 20 km məsafədə, Qaraçay və Covurlu çayının arasındakı ərazidə, Çuxur Qəbələ kəndində yerləşir. Qədim Qəbələ 25 hektar əraziyə malik olmuşdur. Alban hökmdarlarının baş iqamətgahı orada yerləşirdi. Eramızdan əvvəl 60-cı illərdə Roma qoşunları Albaniyaya hücum etsələr də, Qəbələni işğal edə bilməmişlər. Roma müəllifi Böyük Plini ( I əsr) Qəbələni Kabalaka, yunan coğrafiyaşünası Ptolemey ( II əsr) Xabala, ərəb tarixçilərindən Balazuri (IX əsr) Xəzər adlandırmışlar. Qəbələ şəhəri Qala, Səlbir və Çaqqallı adı ilə bəlli olan üç əsas hissədən ibarətdir. Qaraçay və Qoçalan çayları arasında Çaqqallı (ərazisi 50 ha-dır) adı ilə tanınan sahədə aparılmış tədqiqatlar nəticəsində e. ə IV əsrdən başlayaraq eramızın I əsrinin sonlarınadək orada intensiv şəhər həyatı olduğu sübuta yetirilmişdir. Şəhərin Səlbir adlanan hissəsində (ərazisi təqribən 13 ha-dır) I-X əsrlərə, Qalada (ərazisi təqribən 12 ha-dır) isə I-XVII əsrlərə aid bir neçə metr qalınlığında zəngin mədəni təbəqə olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Çaqqallıda şəhər həyatı kəsildikdən sonra Səlbir və Qalada həyat başlanıb. X əsrdən etibarən isə şəhərin ancaq Qala hissəsində həyat davam edib. Şəhərin Qala və Səlbir hissəsində aşkar edilən ən möhtəşəm tikintilər, o cümlədən bu günədək öz əzəmətini qoruyub saxlayan qala divarları və bürcləri də məhz V əsrdən sonrakı dövrdə inşa edilib. Qəbələnin qala divarları özünün möhtəşəmliyi ilə Azərbaycanın digər orta əsr şəhərlərinin müdafiə sistemindən xeyli fərqlənir. Səlbirin divarları əsasən Sasani dövrü arxitekturası üçün xarakterik olan çiy kərpicdən və yonulmuş çay daşından istifadə olunmaqla inşa edilib. Yarımdairəvi formada olan bürc möhrədən və tərkibində saman qatışığı olan çiy kərpicdən tikilmişdir. Bürcün daxili hissəsinin diametri 3 m-dir. Həm qala bürcünə, həm də onun davamı olan divarlara xaric tərəfdən çiy kərpiclə üzlük vurulmuşdur. Qala divarlarının daxili tərəfində isə çay daşı, bişmiş kərpic və əhəng məhlulu ilə tikilən köməkçi divar qalıqları olduğu müəyyənləşdirilmişdir. Tədqiqatçıların fikrincə 6 m uzunluğu olan bu divar əsas qala divarlarından sonra, bərpa məqsədilə tikilib. Hündürlüyü 14 m olan daha bir bürc düzbucaqlı formasındadır. Yonulmuş çay daşı və əhəng məhlulu ilə tikilib, daha sonra isə tuf daşdan üzlük vurulub. Mütəxəssislərin fikrincə, e.ə I əsrdə tikilən bu bürc əsrlər boyu şəhərin etibarlı müdafiə sisteminə xidmət etmişdir. Qeyd olunan bürcdən bir qədər şimal tərəfdə uzunluğu 35 m, hündürlüyü 1 m, qalınlığı isə 2,4 m olan divar qalıqları aşkar edilmişdir. Həmin divar da yonulmuş tuf daşdan və əhəng məhlulundan istifadə olunmaqla inşa edilib. Şəhərin Qala hissəsinin müdafiə divarları elə ilk baxışdan möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu günə qədər özünün ilkin görkəmini saxlamış olan cənub divarları xüsusilə daha əzəmətlidir. Qalanın əsas qapısı da cənub tərəfdəndir. Qapı yerinin sağında və solunda olan nəhəng bürclər demək olar ki, tam salamat vəziyyətdə qalmaqdadır. Qala divarlarının bünövrə hissəsi dördkünc formada yonulmuş iri tuf daşlardan, yuxarı hissəsi isə müxtəlif ölçülü bişmiş kərpiclərdən istifadə olunmaqla hörülüb. Tikintidə ölçülərinə görə fərqlənən 15 növ kərpicdən istifadə olunub. Maraqlı burasıdır ki, qalanı tikən ustalar bişmiş kərpiclərin ölçü və düzülüş müxtəlifliyindən məharətlə istifadə etməklə sözün əsl mənasında nadir memarlıq nümunəsi yarada bilmişlər. Qalanın cənub divarında 4 bürc qalıb. Onların hamısı yarımdairəvi formadadır. Hündürlüyü təqribən 10-14 m, diametri 6-8 m, divarlarının qalınlığı isə 4 m olan qala bürclərində 70 cərgəyədək bişmiş kərpicdən istifadə olunub. 1957-ci ildə Azərbaycan Tarixi Muzeyində Qiymətli metallar fondu təşkil olundu. Buraya muzeyin digər fondlarında saxlanılan, sonralar isə arxeoloji qazıntılar, həmçinin təsadüfi tapıntılar nəticəsində və əhalidən satınalma yolu ilə alınan qiymətli metallardan hazırlanan eksponatlar daxil edilmişdi. 2009-cu ildən fond Xüsusi fond adlandırılmışdı. Hazırda burada 1570 eksponat saxlanılır. Onlardan 556 ədəd gümüş, 300 ədəd qızıl, 714 ədəd numizmatik kolleksiyaya aiddir. Fond materiallarının əsas hissəsini arxeoloji eksponatlar, qadın və kişi zinət əşyaları, tanınmış şəxsiyyətlərə məxsus əşyalar, müxtəlif məişət əşyaları (mücrülər, vazlar, stəkanaltılar və s.) və numizmatik materiallar təşkil edir. Muzeyin ən qədim və qiymətli eksponatlarından biri olan azıxantropun çənəsinin fraqmenti məhz bu fondda qorunub saxlanılır. Şəki rayonunun Küdürlü kəndində tapılan m.ö. XVIII-XVII əsrlərə aid döymə üsulu ilə hazırlanmış qızıl qadın bəzəkləri fondun ən qədim zinət əşyalarındandır. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli “Əsrin müqaviləsi”nin 20-ci ildönümü ilə əlaqədar açıqlama vermişdir. Açıqlamada bildirilir ki, sentyabrın 20-də 20 ili tamam olan “Əsrin müqaviləsi” Azərbaycan arxeologiya elminin inkişafı üçün böyük təkan olmuşdur. Bu müqavilə ilə reallaşan Bakı-Tbilisi-Ceyhan (BTC) neft və Cənubi Qafqaz (CQ) qaz kəmərlərinin tikintisi dəhlizində 2002-2005-ci illərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası o vaxtadək elmə məlum olmayan 41 sahədə geniş miqyaslı arxeoloji qazıntı işləri aparmışdır. Gəncə-Qazax bölgəsindəki bu sahələrdə tarixin müxtəlif mərhələlərinə aid qədim yaşayış məskənləri, kurqan, torpaq, daş örtüklü, küp, taxta qutu tipli yüzlərlə qəbir abidələri tədqiqatlara cəlb edilmişdir. Tədqiqatlar xalkolit dövrünə (e. ə. IV minillik) aid Leylatəpə mədəniyyəti, tunc dövrünə (e. ə. III-II minilliklər ) aid KürAraz, Təzəkənd, Xocalı-Gədəbəy arxeoloji mədəniyyətlərinə məxsus abidələri, eyni zamanda antik və orta əsrlər dövrləri abidələrini əhatə etmişdir. Nəticədə Azərbaycanın zəngin taixinin sirlərini özündə saxlayan 30 mindən artıq maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılar əsasında Azərbaycanın qədim dövr təsərrüfat həyatı, mədəni-iqtisadi əlaqələri, sənətkarlıq sahələri, dəfn adətləri və s. məsələlərin araşdırılması üçün mühüm elmi informasiya bazasını təşkil edir. “Əsrin müqaviləsi” əsasında həyata keçirilən BTC və CQ layihələri çərçivəsində aparılan arxeoloji qazıntılar 90-cı illərdə arxeologiya elmində hökm sürən durğunluğun aradan qaldırılması üçün mühüm addım olmuşdur. Bu qazıntılar nəticəsində aşkar edilmiş zəngin maddi mədəniyyət nümunələrinin elmi interpretasiyası Azərbaycanın qədim tarixinin bir sıra qaranlıq səhifələrinə işıq salmışdır. Qazıntılar zamanı əldə edilmiş arxeoloji materiallar əsasında dissertasiyalar müdafiə edilmiş, elmi monoqrafiyalar və çoxsaylı məqalələr nəşr olunmuşdur. Minlərlə arxeoloji tapıntılar Azərbaycanın qədim tarixinin öyrənilməsi Qazax rayonu respublikamızın qərb qapısı hesab edilir. Bu bölgədə 2009-cu ildən başlayaraq arxeoloji tədqiqatlara geniş imkan yaradılmışdır. Başqa sözlə, ölkədə arxeoloji tədqiqatların cəmləşdiyi əsas elmi mərkəz olan AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu bir çox sərhəd bölgələrində olduğu kimi, Qazax və Ağstafa rayonları ərazisində də elmi ekspedisiyanın fəaliyyətini bərpa edərək bölgədə irimiqyaslı tədqiqatlar həyata keçirir. Arxeoloji ekspedisiya Qazax rayonunun Neolit və Tunc dövrü abidələrini, yaşayış yerlərinin yerləşmə xüsusiyyətlərini və abidələrin coğrafi arealını, əhali məskunlaşmasını tədqiq edir, əldə olunan maddi mədəniyyət qalıqları əsasında ərazidə yaşamış qədim sakinlərin təsərrüfat həyatını və məşğuliyyətini öyrənir, qədim dövlətçilik tarixini araşdırır. Bu il Qazax arxeoloji ekspedisiyası rayonunun Çaylı kəndi ərazisindəki Sarvantəpə yaşayış yerində arxeoloji qazıntılar aparmışdır. Qazıntılar zamanı Sarvantəpə yaşayış yerindən son Tunc-ilk Dəmir dövrünün inkişaf etmiş və son mərhələlərini özündə ehtiva edən (e.ə. XIII-IX əsrlər) xarakterik maddi mədəniyyət qalıqları aşkar edilmişdir. Bu tapıntılar yaşayış evləri və təsərrüfat məqsədli tikililərin qalıqlarından, təsərrüfat quyuları, ocaq qurğuları, daş və keramika nümunələri, metaldan və sümükdən hazırlanmış müxtəlif məzmunlu və təyinatlı artefaktlardan ibarətdir. Əsas tikinti materialı kimi möhrə və kiçikhəcmli çay daşlarından istifadə olunmuşdur. Bəzi yerlərdə divarın üzərinə suvanmış saman qarışıqlı palçığın izləri qalmışdır. Evlərin döşəmə hissəsində saman qatışıqlı çoxlu suvaq qalığı üzə çıxmışdır. Suvanmış divar qalıqlarının bəzi yerlərdə qızarması və his bağlaması bu hissədə ocaq qalanmasından və suvağın güclü yanğına məruz qalmasından xəbər verir. astıtəpə yaşayış yeri son Tunc-ilk Dəmir dövrünün inkişaf etmiş və son mərhələsinə (e.ə. XII-XI və e.ə. X-IX) aiddir. Ümumiyyətlə, bu il aparılan arxeoloji qazıntılar, Yastıtəpə yaşayış yerinin də son Tunc-ilk Dəmir dövrü sakinlərinin həyat tərzi və təsərrüfat fəaliyyəti barədə tutarlı məlumatların toplanmasına imkan vermişdir. Hər il olduğu kimi bu ilin yay mövsümündə də Azərbaycanın bölgələrində arxeoloji qazıntılar aparılır. Tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbərliyi altında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz Arxeoloji Ekspedisiyası bölgədəki Göytəpə neolit dövrü qədim yaşayış məskənində tədqiqatlarını davam etdirməklə yanaşı ətraf əraziləri də tədqiq edib. Qeyd edək ki, Azərbaycan Respublikasının prezidentinin sərəncamı ilə Azərbaycan xalqının, bölgənin və bəşəriyyət tarixində mühüm əhəmiyyətinə görə Göytəpə neolit dövrü yaşayış yeri Arxeoloji Park (arxeopark) elan edilib. Tovuz bölgəsində arxeoloji ekspedisiyanın tədqiqatları nəticəsində Yanıqpəyə və Əlimərdanlı kəndləri arasındakı çöllüklərdə say etibarı ilə iyirmidən çox kurqan qəbirlər aşkar edilib. Kurqanlar qrupunun yaxınlığında yerləşən qədim Topdağdağan ocağının adı ilə bu nekropol elmi dövriyyəyə “Topdağdağan kurqan qrupu” kimi daxil edilib. Topdağdağan kurqanlarının tədqiqatında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Fuad Hüseynov, Valeh Ələkbərov, Şahin Səlimbəyov, institutun doktorantı Pərviz Qasımov, həmçinin, Rusiyadan Şərq xalqlarının Dövlət İncəsənət Muzeyinin elmi işçisi tarix e.n. Olqa Brilyova iştirak ediblər. Bildirək ki, kurqanlar – əsasən tarixi yarımköçəri və köçəri əhali tərəfindən dəfn üzərində ucaldılmış süni təpələrdir. Dəfnin üzərindəki təpə daş və torpaqdan ibarət olur. Arxeologiyada kurqan örtüyü altındakı qəbir kamerasının da müxtəlif formaları məlumdur. Hətta, kurqanları analoji dəfn ənənəsi ideyasına görə “çölün piramidaları” da adlandırırlar. Radiokarbon analizlərinə əsasən müasir elmdə kurqan dəfn ənənəsinin Avropanın cənub-şərqində, yəni Qara dənizin şimal sahillərindən Xəzər dənizinin şimal sahillərinədək uzanan çöl zolağında yeni daş dövrünün (neolitin) sonunda mis-daş dövründə (eneolitdə) yaranması və buradan Avropaya, Mərkəzi Asiyaya və Cənubi Qafqaza, o cümlədən Azərbaycana yayılması ehtimalı geniş yayılıb. Arxeoloqlar tərəfindən yeni texnologiya ilə ölçmələr, CPS-naviqatorla abidənin yeri və kurqanların dəqiq coğrafi lokallaşdırılması aparılıb. İlkin tədqiqat üçün şərti olaraq 9 və 12 saylı kurqanlarda qazıntılar başlanıldı. Bu iki kurqan arxeoloqlara sürprizlər tədqim etdi. Ağsuda dəfinə tapılıb. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyindən ANS PRESS-ə verilən məlumata görə, iyunun 22-də saat 08:30 radələrində şərti olaraq VII qazıntı sahəsi adlandırılan ərazidə qazıntı işləri davam etdirərkən bir-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan qızıl sikkə nümunələrindən ibarət dəfinə aşkara çıxıb. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə 2010-cu ilin mart ayından başlayaraq Orta əsr Ağsu şəhər yerində tədqiqat aparır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya bu günədək 15000 kv.m.-ə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı nadir maddi-mədəniyyət nümunələri aşkara çıxarıb. Elmi heyətin nəzarəti altında sahə diqqətlə tör-töküntüdən təmizləndikdən və fotosu çəkildikdən sonra sikkələr ekspedisiya rəhbərliyi tərəfindən yerindəcə aktlaşdırılaraq götürülüb. Sikkələrin ümumi sayı 37 (otuz yeddi) ədəddir. Onlardan bir ədədi 1781, bir ədədi 1786, üç ədədi 1787, bir ədədi 1796, otuz bir ədədi isə 1800-cü ildə zərb olunmuşdur. Aşkar olunmuş qızıl sikkələrin demək olar ki, hamısı yaxşı vəziyyətdədir. Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan sikkələr Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qr., forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunub. Sikkələrin aversində latın dilində yazısı olan ornamentli kvadrat lövhə vardır. Üzərində qısa olaraq “MO.ORD.PROVIN.FOEDER.BELG.AD.LEG.IMP.” yazılmışdır. Yazının latın dilində açılışı belədir: “MOneta ORDinum PROVINciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii”. Yazı belə tərcümə olunur: “İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökümətinin sikkəsidir". Sikkələrin reversində mərkəzdə zirehli cəngavər təsvir olunub. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi var. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunmuşdur. Üzərində qısa olaraq latın dilində “CONCORDIA.RES.PAR.CRES.HOL.” yazılmışdır. Yazının latın dilində tam açılışı belədir: “CONCORDIA RES PARvae CREScunt HOLlandiae”. Yazı hərfi mənada belə tərcümə olunur: “Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya". Yəni, “Güc birlikdədir”. Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın ən müxtəlif ölkələrində geniş yayılıb. Mütəxəssislərin fikrincə, o dönəmdə Holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları mahiyyətində idi. Ekspedisiya rəhbərliyi iki gün ərzində ilkin zəruri tədqiqat işlərini başa çatdıraraq, 25 iyun 2012-ci il tarixdə dəfinəni Arxeolgiya və Etnoqrafiya İnstitutu rəhbərliyinin tövsiyyəsi ilə Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib. Muzeyin direktoru, akademik Nailə Vəlixanlının dediyinə görə, Ağsu dəfinəsi tariximiz üçün sensasiya əhəmiyyətli bir tapıntıdır. Təbiidir ki, bu tip tapıntılar orta əsrlər dövründə Azərbaycan şəhərlərinin Avropa və dünya ticarətində iştirakı ilə bağlı bir çox məsələləri elmi cəhətdən daha müfəssəl öyrənməyə imkan yaradacaq. Ağsu Arxeoloji Ekspedisiyası dəfinə ilə bağlı tədqiqatları davam etdirir.